az en
News / Ayxan Abbasov: "İlin son oyununu qələbə ilə başa vurmaq istəyirik"

Ayxan Abbasov: "İlin son oyununu qələbə ilə başa vurmaq istəyirik"

A Milli Dərc olundu: 15.11.2026 Çap
Noyabrın 16-da Enkam şəhərində yerləşən “Estadi de la FAF” stadionunda Andorra ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi mətbuat konfransı təşkil olunub. Konfransda Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və kapitan Emin Mahmudov iştirak edib.
Ayxan Abbasov: "İlin son oyununu qələbə ilə başa vurmaq istəyirik"
Ayxan Abbasov: “Eminə gələcək həyatında uğurlar arzulayıram. O, millimizin tarixində iz qoyan futbolçulardandır. Komandamızın qazandığı qələbələrdə onun böyük rolu olub. Onunla birlikdə çalışmaq bizim üçün xoş idi. Klub səviyyəsində bir yerdə işləməsək də, milli komandada bu fürsətimiz oldu. Emin həm qələbələrimizdə, həm də məğlubiyyətlərimizdə bizimlə bir yerdə olub. O, hələ futbolçu karyerasını tam başa vurmur. İnanıram ki, öz klubunda azarkeşləri qarşısında da son oyununu keçirəcək. Sabah isə onun üçün oynayacağıq.
Bu, millimizin builki son oyunudur. Gərgin matçdan sonra yoldaşlıq görüşünə çıxacağıq. Andorra son illərdə inkişaf edən komandalardandır. Baş məşqçisi səhv etmirəmsə, 16 ildir ki, komandada çalışır. Sabah rotasiyalı heyətlə meydana çıxacağıq və buraya gələn hər bir futbolçuya şans vermək istəyirik. Ən önəmlisi gənc futbolçuları qazanmaqdır. Hazırda komandamızda gənclərimiz də var və onları milliyə qazandırmaq üçün bu, yaxşı fürsətdir. Sabahkı oyunda məsuliyyəti öz üzərlərinə götürməlidirlər. İlin son oyununu qələbə ilə başa vurmaq istəyirik. Maksimum nəticə əldə etməyə çalışacağıq”.

Emin Mahmudov: “Bu, milli komandada son oyunum olacaq. Həmişə dediyim kimi, meydana qələbə qazanmaq üçün çıxırıq. Yaxşı oyun göstərmək bizim üçün çox vacibdir. Son matçımda da əlimdən gələni edəcəyəm ki, yaxşı çıxış edim və yadda qalım”.
 
Baş Sponsor