Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 13-də Vaduts şəhərində keçirilən Lixtenşteyn – Azərbaycan oyunundan sonra mətbuat konfransında iştirak edib.
“Dünən də qeyd etdiyimiz kimi, rəqibin ilk oyunda bizdən xal aldığını bilirdik və bu dəfə öz meydanlarında daha inamlı çıxış edəcəklərini gözləyirdik. Yenə eyni sistemlə, sıx müdafiə quraraq oynamağı və erkən qol vurmağı planlaşdırmışdıq. Əslində, erkən qol da vurduq, ilk dəqiqələrdə təhlükəli hücumlar təşkil etdik, qapı dirəyinə tuş gələn zərbələrimiz oldu. Lakin futbolçularda qələbə qazanmaq istəyi və tələskənlik bir qədər çox idi. Bu da hücumlarımızı daha rahat şəkildə sonlandırmağımıza mane olurdu.
Ən əsası, bu turnirdə qarşımıza qoyduğumuz məqsədə çatmaq, birinci yeri tutmaq istəyirdik. Gələcək mövsümlərdə D Liqası keçirilməsə belə, C Liqasına yüksəlmək bizim üçün çox vacib idi. Çempionatın gərgin və stresli keçdiyi bir vaxtda diqqətlərini milli komandaya yönəldərək bu oyunda qələbə qazandıqları üçün futbolçulara təşəkkür edirəm.
Qarşıda Andorra ilə yoldaşlıq görüşümüz var. Həmin matçda bütün futbolçulara şans verməyə çalışacağıq. Komandaya yeni dəvət olunan oyunçuların da milli komandanın ab-havasını hiss etməsi vacibdir”.