az en
News / Futbol klublarının üzvləri üçün maarifləndirici sessiyalar keçirilib

Futbol klublarının üzvləri üçün maarifləndirici sessiyalar keçirilib

AFFA Dərc olundu: 09.09.2026 Çap
I Liqada çıxış edən “Gəncəbasar” və “Mingəçevir” klublarının əsas komandalarının üzvləri və Premyer Liqada mübarizə aparan “Turan Tovuz” və “Kəpəz” klublarının aşağı yaş qruplarının üzvləri üçün maarifləndirici sessiyalar təşkil olunub.
Futbol klublarının üzvləri üçün maarifləndirici sessiyalar keçirilib
Görüşlər AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Naib Əsədov və şöbənin aparıcı mütəxəssisi Murad Məmmədli tərəfindən keçirilib. Sessiyalar zamanı iştirakçılara danışılmış oyun anlayışı, futbolçuların oyun zamanı üzləşə biləcəyi risklər, bu cür halların futbolun dürüstlüyünə və nüfuzuna vurduğu zərər, eləcə də danışılmış oyunların əsas motivləri barədə ətraflı məlumat verilib.
 
Həmçinin futbolçuların peşəkar davranışının və etik prinsiplərə əməl etməsinin vacibliyi vurğulanıb, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atılmalı addımlar, belə halların vaxtında bildirilməsinin əhəmiyyəti və idman mərclərinin bu prosesdə rolu izah olunub. Sosial media vasitəsilə edilə biləcək yaxınlaşmalar və mümkün manipulyasiya üsulları barədə məlumat verilib.
 
Bundan əlavə, AFFA-nın İntizam Məcəlləsinin danışılmış oyunlarla bağlı müvafiq müddəaları iştirakçıların diqqətinə çatdırılıb. Belə hallarda iştirakın, cəhdin və ya məlumatın gizlədilməsinin ciddi intizam pozuntusu olduğu bildirilib.
 
Maarifləndirici sessiyaların əsas məqsədi futbolçuların bu sahədə məlumatlılığının artırılması, futbolun dürüstlük və ədalət prinsiplərinin qorunması, eləcə də danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsidir.
 
Baş Sponsor