UEFA-nın dəstəyi və AFFA-nın koordinatorluğu ilə “ASCO Arena”da həyata keçirilən SCALE layihəsi (Special Dual Career Paths to Prevent Early School Leaving - Təhsil və təlimdən erkən ayrılmağa qarşı xüsusi ikili karyera yolları) çərçivəsində genişmiqyaslı festival keçirilib.
Ümumilikdə 150 nəfərin iştirak etdiyi tədbirdə 13-17 yaşlı məktəbli şagirdlər və məşqçi-müəllimlər bir araya gələrək “fair play” prinsipləri əsasında keçirilən futbol turnirinə qatılıb və oyunlar zamanı öz bacarıqlarını nümayiş etdiriblər.
Festivalın açılışında çıxış edən AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı üzrə meneceri və layihənin Azərbaycan üzrə koordinatoru Kifayət Mustafayeva layihənin məqsədinin gənclərin həm təhsildə, həm də idmanda uğur qazanmalarına dəstək göstərmək, onların ikili karyera inkişafını təşviq etmək və təhsildən erkən ayrılmanın qarşısını almaq olduğunu vurğulayıb.
Tədbir iştirakçılarına xüsusi sertifikatlar təqdim olunub.
Qeyd edək ki, SCALE layihəsi AFFA-nın tərəfdaşlığı ilə Azərbaycan, Rumıniya, İtaliya, Moldova və Maltada həyata keçirilir və 2025-ci ilin sonunadək davam edəcək. Layihə UEFA-nın sosial dayanıqlılıq proqramının bir hissəsidir.