AFFA-nın inzibati binasında futbol akademiyalarının nümayəndələrinin iştirakı ilə 5 ulduz sertifikatlaşdırma modelinin ilkin müzakirə görüşü keçirilib.
Görüşdə AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Futbol İnkişaf Departamentinin rəhbəri Sərxan Hüseynov və digər əməkdaşlar iştirak ediblər.
Tədbirdə modelin minimum tələblər, performans göstəriciləri, məqsədi, qiymətləndirmə metodologiyası və ulduz səviyyələrinin müəyyənləşdirilməsi qaydaları təqdim olunub. İştirakçılar sənədin ayrı-ayrı müddəaları ilə bağlı rəy və təkliflərini səsləndirərək müzakirələrdə iştirak ediblər.
Bildirilib ki, model futbol akademiyalarının fəaliyyətinin vahid standartlar əsasında qiymətləndirilməsini, keyfiyyət göstəricilərinin artırılmasını və akademiyalar arasında davamlı inkişaf mühitinin formalaşdırılmasını hədəfləyir.
Müzakirələr zamanı səsləndirilən təkliflər sənədin yekunlaşdırılması prosesində nəzərə alınacaq.
AFFA 5 Ulduz sertifikatlaşdırma modelinin tətbiqi ilə struktur, idarəetmə, təlim-məşq prosesi, oyunçu inkişafı və infrastruktur sahələrində keyfiyyət standartlarının təmin olunmasında akademiyalara dəstək mexanizmlərinin hazırlanmasını hədəfləyir.