AFFA ilə “Roundglass Living” şirkəti arasında bu ilin aprel ayında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində platformanın nümayəndələri tərəfindən AFFA-nın inzibati heyəti, futbol hakimləri, idman jurnalistləri və digər maraqlı tərəflər üçün təlim sessiyaları təşkil olunub.
Təlimlərin məqsədi iştirakçıları platformanın imkanları ilə yaxından tanış etmək, onun təqdim etdiyi alət və resurslardan istifadə qaydaları barədə ətraflı məlumat vermək olub.
Sessiyalar zamanı iştirakçılara platformanın müxtəlif bölmələri, meditasiya proqramları, nəfəs texnikaları, fiziki və emosional sağlamlığın dəstəklənməsinə yönəlmiş məzmunlar, eləcə də sağlam həyat tərzinin təşviqinə xidmət edən digər funksiyalar təqdim olunub.
Qeyd edək ki, AFFA ilə “Roundglass Living” arasında əməkdaşlığın əsas məqsədi ölkənin futbol ictimaiyyətində mental sağlamlığın və ümumi rifahın gücləndirilməsidir. “Roundglass Living” istifadəçilərə psixoloji sağlamlıq, zehinlilik, fiziki aktivlik, sağlam qidalanma və sağlam yuxu ilə bağlı müxtəlif rəqəmsal həllər təqdim edən beynəlxalq rifah platformasıdır.