az en
News / “Slovakiya ilə matçı unutmalı və bu oyunu düşünməliyik”

“Slovakiya ilə matçı unutmalı və bu oyunu düşünməliyik”

Millətlər Liqası Dərc olundu: 24.09.2022 Çap
UEFA Millətlər Liqası çərçivəsində sabah saat 20:00-da “Dalğa Arena”da  keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçi Canni De Byazi və komandanın kapitanı Emin Mahmudovun səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
“Slovakiya ilə matçı unutmalı və bu oyunu düşünməliyik”
“Çox ağır, çətin oyun olacaq. Qazaxıstanın lider olacağını heç kim gözləmirdi. Vuruşur, mübarizə aparırlar. Birinci yerə layiqdirlər. Qazaxıstan çox güclü komandadır. Slovakiya ilə matçı unutmalı və bu oyunu düşünməliyik. Çox yaxşı komandamız var. Özümüzü daha yüksək səviyyədə idarə edə bilərik. Komandamdan razıyam. Hesab edirəm ki, düzgün yoldayıq.
Qara Qarayev milli komandaya dəvət olunmama səbəbi sizdən də, məndən də yaxşı bilir. Heç vaxt komandada olan sirri aça bilmərəm. Bu, düzgün deyil. Komandanın içində olanlar orada qalır. Belə etsək, böyük bir komanda qura bilmərik. Bizimlə olan futbolçular barədə düşünməliyik. Hazırda burada olanlardan razıyam. İlk gündən deyirəm ki, millinin qapısı hamı üçün açıqdır. Eynilə həmin qapı bağlana da bilər. Millidə özünü düzgün aparmalısan. Bu, mənim üçün çox önəmlidir.
Elvin Camalov çox döyüşkən futbolçudur. Meydanda bütün gücünü ortaya qoyur. Bir epizoda görə heç nə demək olmaz. Çox vacib oyunçudur. Həmişə özünü düzgün aparır. Slovakiyaya qarşı çox yaxşı oyun keçirdi. Ondan razıyam. Klubunda da liderdir”.
 
Emin Mahmudov: “Slovakiyaya qarşı çox yaxşı, sona kimi mübarizə apardıq. Bu, bizə yaxşı nəticə qazanmağımıza kömək etdi. Bəzi oyunlarda bəxtimiz gətirmirdi. Ardıcıl qələbələr qazandıq. Bu, özümüzə olan inamı artırdı. Əsas odur ki, davamlı olsun. Bəzi oyunlarda daha yaxşı oynaya, çox xal toplaya bilərdik. Potensialımız imkan verir ki, daha yaxşı oynayaq. Bəzi matçlarda potensialımızdan daha aşağı çıxış etdik. Məncə, daha yaxşı nəticələr əldə edə bilərdik”.
 
Baş Sponsor 
Partnyorlar