az en
News / U-15 Dünya Çempionatı və Festivalı bütün dünyanı Azərbaycanda bir araya gətirəcək

U-15 Dünya Çempionatı və Festivalı bütün dünyanı Azərbaycanda bir araya gətirəcək

AFFA Dərc olundu: 18.09.2026 Çap
FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 24 oktyabr 2026-cı il tarixində Azərbaycanda start götürəcək. FIFA-nın yeni turniri dünyanın müxtəlif ölkələrindən gənc futbol istedadlarını Azərbaycanda bir araya gətirərək, FIFA-nın bütün üzv assosiasiyalarına beynəlxalq səviyyədə mübarizə aparmaq imkanı verəcək.
 
U-15 Dünya Çempionatı və Festivalı bütün dünyanı Azərbaycanda bir araya gətirəcək
İlk dəfə keçiriləcək bu turnir FIFA-nın beynəlxalq futbol təqvimində yeni bir ənənənin əsasını qoyacaq. Qızlar arasında ilk turnirin gələn il keçirilməsi planlaşdırılır. 2028-ci ildən etibarən isə həm qızlar, həm də oğlanlar arasında turnirlərin hər il keçirilməsi nəzərdə tutulur.
2025-ci ilin dekabrında FIFA Şurasının qəbul etdiyi qərara əsasən, yarış bütün FIFA üzv assosiasiyalarının iştirakına açıqdır.
FIFA-nın Qlobal Futbol İnkişafı üzrə direktoru Arsen Venger turnirin futbolun inkişafına verə biləcəyi töhfənin əhəmiyyətini vurğulayıb: “İstedad hər yerdə var, lakin gənc futbolçuların özlərini beynəlxalq səviyyədə sınamaq üçün hər zaman belə fürsətləri olmur. Bu turnirin məqsədi məhz onlara belə bir imkan yaratmaqdır. Dünyanın müxtəlif ölkələrindən U-15 komandalarını bir araya gətirməklə futbolçulara beynəlxalq oyun təcrübəsi qazandıra, onları fərqli oyun üslubları və futbol mədəniyyətləri ilə tanış edə, rəqabət mühiti vasitəsilə öyrənmələrinə və inkişaf etmələrinə şərait yarada bilərik”.
Venger FIFA U-15 Dünya Çempionatı və Festivalının bir çox istedadlı gənclərin həyatına uzunmüddətli təsir göstərəcəyini də bildirib: “Futbol gənclər səviyyəsində dünyanı həqiqətən də bir araya gətirə bilər. Müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan gənc futbolçuları bir araya gətirmək, onlara rəqabətdən daha geniş bir təcrübə qazandırır, eyni zamanda üzv assosiasiyaları onların inkişafına davamlı olaraq sərmayə qoymağa təşviq edir”.
Turnirdə futbolçuların inkişafını və oyun təcrübəsini maksimum dərəcədə artırmaq məqsədilə hər hissəsi 20 dəqiqə davam edən innovativ 8x8 formatından istifadə olunacaq. Futbolun dünyanı necə birləşdirdiyini əyani şəkildə nümayiş etdirən turnir çərçivəsində altı oyun günü ərzində Bakıda yerləşən Hövsan Yarış Kompleksində 1 000-ə yaxın qarşılaşma keçiriləcək.
Açılış oyunu və 30 oktyabr tarixində keçiriləcək final qarşılaşması isə Bakı Kristal Zalında baş tutacaq.
 
Turnirin əsas detalları:
  • Meydan ölçüləri: 68 × 47 metr, tam ölçülü qapılarla (7,32 × 2,44 metr)
  • Heyət sayı: Hər komandada 14 oyunçu və altı nəfərədək texniki heyət
  • Oyunçuların yaş hədləri: 2011 və ya 2012-ci il təvəllüdlü oyunçular
  • Gözlənilən iştirakçı sayı: 3 000-dən çox gənc oyunçu, məşqçi və rəsmilər
  • Format: Komandalar ilk olaraq müxtəlif idman və regional təmsilçiliyi təmin edən qruplarda mübarizə aparacaqlar. Qrup mərhələsinin nəticələri ikinci, yəni turnir mərhələsində komandaların hansı səviyyədə mübarizə aparacağını müəyyənləşdirəcək.
  • Təsnifat mərhələsi: Dairəvi sistem üzrə 4-5 oyun.
Turnir mərhələsi: Nəticələrdən və əlavə göstəricilərdən asılı olaraq hər komanda üçün əlavə 4-5 oyun.
Reytinq: Balanslaşdırılmış qrupların formalaşdırılması və turnir boyunca uyğun rəqabət səviyyəsinin təmin edilməsi məqsədilə turnirdən əvvəl sadə reytinq sistemindən istifadə olunub. Reytinq FIFA üzv assosiasiyalarının əsas milli komandalarının performansını, həmçinin son dövrlərdə gənclər milli komandalarının iştirakını və nəticələrini nəzərə alır. Bu yanaşma həm üzv assosiasiyanın ümumi futbol gücünü, həm də onun gənclər futbolu sistemindəki fəallığını və rəqabət qabiliyyətini əks etdirir.
Turnirin ikinci mərhələsi təsnifat mərhələsinin nəticələrinə əsasən müəyyənləşdirilən altı performans səviyyəsindən ibarət olacaq. Bütün komandalar son oyun gününədək mübarizəni davam etdirəcək və bununla da hər bir iştirakçı üçün ardıcıl və mənalı rəqabət təcrübəsi təmin olunacaq.
Hər səviyyənin qalibi müəyyənləşdiriləcək. A səviyyəsində qalib gələn komanda isə FIFA U-15 Dünya Çempionatı və Festivalının çempionu elan olunacaq.
FIFA oyunların rəqabət intensivliyi ilə oyunçu rifahı arasında balans yaratmaq məqsədilə əhatəli oyun cədvəli hazırlayıb. Turnirin keçiriləcəyi Hövsan Yarış Kompleksi bir neçə meydançada eyni vaxtda 20 oyunun keçirilməsinə imkan verəcək. Hər meydançada gündə 10-dək oyun nəzərdə tutulub.
FIFA U-15 Dünya Çempionatı və Festivalı beynəlxalq futbolda əsas çağırışlardan birinə – FIFA yarışlarına vəsiqə qazanmağın böyük çətinlik olaraq qaldığı ölkələr üçün əhəmiyyətli rəqabət imkanlarının yaradılmasına cavab verir. Turnir FIFA-nın hər bir üzv assosiasiyasına beynəlxalq yarış təcrübəsi qazanmaq, dünyanın müxtəlif ölkələrindən olan rəqibləri ilə öz səviyyəsini müqayisə etmək və gələcək nəsil futbolçuları, məşqçiləri və texniki heyət üzvlərini ruhlandırmaq imkanı yaradır.
Təxminən 250 könüllü ilk FIFA U-15 Dünya Çempionatı və Festivalının keçirilməsində fəal iştirak edərək bu tarixi futbol tədbirinin reallaşmasına töhfə verəcək.
FIFA və AFFA tərəfindən təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 Könüllülər Proqramına 10 sentyabr tarixində start verilib. Qeydiyyat onlayn şəkildə açıqdır. Namizədlər volunteer.fifa.com saytına daxil olaraq FIFA U-15 Dünya Çempionatı və Festivalı turnirini seçə bilərlər.
Azərbaycan daha əvvəl 2027-ci il FIFA U-20 Dünya Çempionatına Özbəkistanla birgə ev sahibliyi etmək hüququ qazandığından, ilk FIFA U-15 Dünya Çempionatı və Festivalının ölkəmizdə keçirilməsi strateji davamlılığı təmin edir. Bu tarixi turnirin Azərbaycanda keçirilməsi dünyanın müxtəlif ölkələrindən olan gənc futbol istedadlarını bir araya gətirməklə yanaşı, hər bir istedada beynəlxalq səviyyədə özünü göstərmək və inkişaf etmək imkanı verən yeni qlobal futbol platformasının formalaşmasına töhfə verəcək.
Baş Sponsor