Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində AFFA-nın təşkilatçılığı ilə “Yaşıl Top” sosial layihəsinə start verilib. Layihənin ilk tədbiri SABIS SUN beynəlxalq məktəbində keçirilib.
Tədbir çərçivəsində təkrar emal edilmiş materiallardan hazırlanmış simvolik “Yaşıl Top” məktəbə hədiyyə olunub, şagirdlərlə ətraf mühitin qorunması və dayanıqlı davranışlarla bağlı maarifləndirici görüşlər keçirilib.
Tədbirdə Milli Məclisin deputatı, Bakı İqlim Fəaliyyəti Həftəsinin layihə rəhbəri Nigar Arpadarai, AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva, SABIS SUN beynəlxalq məktəbinin direktoru Fransua Enslin və layihənin ekoloji səfiri, məşhur futbolçu Qara Qarayev iştirak ediblər.
Qara Qarayev şagirdlərlə görüşərək onları ətraf mühitin qorunmasına və ekoloji dayanıqlılığa töhfə verməyə çağırıb. “Təmiz Şəhər” ASC-nin mətbuat katibi Orxan Cabbarlı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş məsləhətçisi Gülnarə Məmmədova şagirdlərə tullantıların düzgün idarə olunması, meşələrin bərpası və dayanıqlı həyat tərzi ilə bağlı məlumat veriblər.
Beynəlxalq dərəcəli hakimlər Əliyar Ağayev və Kamal Umudlu, həmçinin köməkçi hakim Sevda Nuriyeva da şagirdlərlə görüşüb və ağacəkmə aksiyasında iştirak ediblər.
“Yaşıl Top” sosial layihəsi futbolun sosial təsir gücündən istifadə etməklə uşaqlar və futbol ictimaiyyəti arasında ekoloji dəyərlərin təşviqinə xidmət edir. Layihə çərçivəsində ümumilikdə 10 məktəbdə tədbirlərin keçirilməsi, tədris ilinin sonunda isə məktəblərarası ekoloji futbol turnirinin təşkili nəzərdə tutulur.