az en
News / Ayxan Abbasov: "Futbolçularımız sonadək mübarizə apardılar"

Ayxan Abbasov: "Futbolçularımız sonadək mübarizə apardılar"

A Milli Dərc olundu: 27.09.2026 Çap
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov səfərdə Litva ilə oyundan sonra fikirlərini bölüşüb:
Ayxan Abbasov: "Futbolçularımız sonadək mübarizə apardılar"
"Bu gün bizim üçün Anım Günüdür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Vətən müharibəsində iştirak edən, dövlətimizin suverenliyi uğrunda canından keçən hər bir şəhidimizə minnətdarıq.
Bu gün futbolçularımızın üzərində böyük məsuliyyət var idi. Onlara təşəkkür edirəm. İlk dəqiqədən sonadək mübarizə apardılar. Azarkeşlərimizə də təşəkkür edirəm, səfərdə olduğumuzu hiss etdirmədilər. Bu dəstək futbolçularımız üçün çox önəmlidir.
Litvadan gözlədiyimiz oyunu gördük. İlk dəqiqələrdən təzyiq göstərdilər. Ani səhvdən sonra qol buraxdıq. Penalti epizodu sual doğurur, çünki epizoddan əvvəl Emilin ayağına müdaxilə var idi. Təəssüf ki, VAR-dan qərar gəlmədi. Qol buraxmağımıza baxmayaraq, oyundan çəkinmədik.
Mahir Emrelinin qolu bizə ikiqat sevinc yaşatdı. Bundan sonra təşəbbüs tamamilə bizim tərəfimizdə idi. İkinci hissədə, xüsusilə 70-ci dəqiqəyədək oyuna nəzarət etdik.
Təəssüf ki, matçın sonunu istədiyimiz kimi tamamlaya bilmədik, bəzi epizodlarda tələsdik.
Səfərdən bir xalla qayıtmağımız sevindiricidir. Üç gündən sonra bizi ağır oyun gözləyir. Evdə əvvəlcə Lixtenşteynlə, daha sonra isə Litva ilə qarşılaşacağıq. Komanda olaraq qələbə qazanacağımıza inanırıq".
Baş Sponsor