az en
Əsasnamə Təqvim Cədvəl
2025/2026-cı illər mövsümün üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən qadınlardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatı - Yüksək Qızlar Liqası üzrə
 
Əsasnamə
 
1. Əsas müddəalar
 
1.1 Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2. Məqsəd və vəzifələr
 
2.1  AFFA Yüksək Qızlar Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
  • Turnirin qalibini müəyyən etmək;
  • Qadınlar arasında futbolun təbliği və kütləviliyi;
  • Qadın oyunçuların ustalığının yüksəldilməsi;
  • Qadın oyunçuların klublarda hazırlanması və milli komandalara cəlb olunması;
  • Mövsümün yekununda komandaların tutduqları yerlərin müəyyən edilməsi;
  •  
3. Yarışlara rəhbərlik
 
3.1  AFFA Yüksək Qızlar Liqasının keçirilməsini və yarışa nəzarəti AFFA həyata keçirir.
3.2  Qadın Futbolu Departamenti Liqaların təşkili şöbəsi nümayəndəsi oyunlarda AFFA nümayəndəsi qismində iştirak edə bilər.
 
4. İştirakçıların müəyyən olunması
 
4.1 AFFA Yüksək Qızlar Liqasında komandalara iştirak hüququnu AFFA verir.
4.2 AFFA Yüksək Qızlar Liqasında bir klub bir ad altında, bir komanda ilə təmsil oluna bilər.
4.3 AFFA Yüksək Qızlar Liqasında iştirak edəcək komandanın baş məşqçisinin minimum C kateqoriyalı məşqçilik lisenziyası olmalıdır.
4.4 UEFA Çempionlar Liqasında iştirak edəcək komandanın baş məşqçisinin minimum A kateqoriyalı məşqçilik lisenziyası olmalıdır.
 
5. Oyunçuların təvəllüdləri və liqalardakı iştirakı
 
5.1 AFFA Yüksək Qızlar Liqasında ən gənc – 2010-cu il təvəllüdlü ən azı 1 oyunçu iştirak etməlidir.
5.2 AFFA Yüksək Qızlar Liqasında ən azı 1 nəfər 2010-cu il təvəllüdlü oyunçunun meydançada olmağı mütləqdir və əvəzetmə zamanı limit pozulmamalıdır.
5.3 Oyunçunun müəyyən liqada aldığı cəza digər liqaya şamil olunmur.
5.4 Sifariş vərəqəsində göstərilməyən və müvafiq lisenziya almayan komanda üzvləri oyunlar keçirilən zaman texniki zonaya buraxılmır.
5.5 Qeyd olunan təvəllüdlər üzrə oyunçular yalnız qeydiyyatdan keçdiyi liqada iştirak edə bilər.
 
6. Klublar və ya komandalar üçün qeydiyyat və lisenziyalaşdırılma qaydaları
 
6.1 AFFA-nın rəsmi internet səhifəsində (www.affa.az) “Futbola Qoşul” onlayn qeydiyyat sistemində oyunçu və digər iştirakçıların qeydiyyat qaydaları təqdim edilib.
6.2 Qeydiyyat qaydalarında tələb olunan sənədlərə bilərəkdən həqiqi olmayan məlumatı vermək məqsədilə edilən dəyişikliklər sənəd saxtalaşdırılması kimi qəbul edilir.
6.3 Yuxarıda göstərilən hallar aşkarlanarsa, AFFA-nın müvafiq mövsüm üçün təsdiq edilmiş İntizam Məcəlləsi və bu Əsasnaməyə müvafiq olaraq intizam sanksiyaları tətbiq oluna bilər.
6.4 Yeni mövsümdən tətbiq olunacaq “Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə Qaydalar (Buraxılış 2025)” AFFA-nın rəsmi internet səhifəsinin (www.affa.az) “Lisenziya” bölümündə verilmişdir.
 
Transfer, icarə və sifariş məsələləri
6.5 Hər bir oyunçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
6.6 Oyunçuların statusu və transferi ilə bağlı olan mübahisələrə AFFA Oyunçuların Statusu və Transferi haqqında Əsasnaməyə müvafiq olaraq AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin Prosedur Qaydalarında göstərildiyi qaydada baxılır.
6.7 AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin qərarlarından şikayət vermə qaydası Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinə uyğun olaraq müəyyən olunur.
6.8 Hər oyunçu mövsüm ərzində ən çox iki klubda çıxış edə bilər.
6.9 Oyunçuların mövsüm ərzində əlavə sifarişi və transferləri aşağıda göstərilən qaydalar üzrə həyata keçirilməlidir:
a) Klubun əlavə sifariş etmək hüququna məhdudiyyət yoxdur.
b) Dövrələrarası fasilədə transferin sayına məhdudiyyət yoxdur. Transfer müddəti Liqaların təşkili şöbəsi tərəfindən əvvəlcədən rəsmi elan olunur. (Liqada çıxış edən bütün komandalar üçün transfer müddəti eynidir).
6.10 “Transfer pəncərəsi” dövründə edilən müraciətlərin qərarı cari mövsüm ərzində icra oluna bilər. “Transfer pəncərsi”ndən əvvəl və ya sonra edilən məsələlərlə bağlı qərar növbəti mövsümə şamil edilir.
6.11 Təqdim olunan bütün sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
 
7. Klub və ya komanda tərəfindən təqdim olunmuş oyunçuların saxta sənədləri
 
7.1  Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan aşağıdakı sənədlər saxta olarsa:
  • Doğum haqqında şəhadətnamə;
  • Şəxsiyyət vəsiqəsi;
  • Ümumvətəndaş pasportu;
  • Tibbi arayış;
  • Elektron formatda təqdim olunan 3x4 ölçüdə fotoşəkil;
  • Müqavilə və s.
b) Bir oyunçunun digər oyunçuya məxsus olan elektron lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı;
c) Lisenziyasız oyunçunu oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı;
Qeyd: Saxtakarlıq edən klub və ya komanda İntizam Komitəsinin müvafiq qərarı ilə cəzalandırılır.
 
7.2 Yuxarıda göstərilən hallar aşkarlanarsa, bu cəzalar İntizam Komitəsi tərəfindən tətbiq oluna bilər:
a) Oyunçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət);
b) Oyunçunun lisenziyasının ləğvi;
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi;
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi;
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi;
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
 
8. İştirakçı komandanın öhdəlikləri
 
8.1 İştirakçı klublar və ya komandalar bu Əsasnamənin hər bir bəndinə riayət etməlidirlər.
8.2 İştirakçı klublar və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
8.3 Klublar və komandalar onları təmsil edən hər hansı bir şəxsin (oyunçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışına görə məsuliyyət daşıyırlar. Bir klubun məşqçisi digər klubun rəsmi heyətinə daxil ola bilməz və oyunlarında texniki zonada yer ala bilməz. Bu qayda pozularsa, klub müvafiq qaydada cəzalandırılacaq.
8.4 Ev sahibi komanda oyun zamanı stadionda təhlükəsizliyə görə məsuliyyət daşıyır. Komanda oyuna ən azı 30 dəqiqə qalmış meydanın ərazisini mühafizə ilə təmin etməlidir. Mühafizə olmadan baş hakim oyunu başlada bilməz.
8.5 Hər klub və ya komanda əlaqələndirici şəxsi təyin etməlidir və onu tələb olunan qaydada qeydiyyatdan keçirməlidir. Klub anketində əlaqə telefonu, elektron poçtun ünvanı (e-mail) və s. göstərilməlidir.
8.6 AFFA Yüksək Qızlar Liqasında iştirak edən klub və ya komandalar ölkə xaricinə təlim-məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqa təqvimi ilə üst-üstə düşərsə, klub 20 gün əvvəl AFFA-ya yazılı məlumat verməlidir. Qadınlardan ibarət müvafiq yaş qrupuna aid Milli komandaların təlim-məşq toplanışı ilə Yüksək Qızlar Liqasının təqvim oyunları üst-üstə düşdüyü halda, Qadınlar Liqasının Təşkili şöbəsi həmin turun oyunlarını təxirə salmaq qərarı verə bilər.
8.7 Ev sahibi komanda oyunu 6 (altı) ədəd №5  top ilə təhciz etməlidir.
8.8 Ev sahibi komanda qonaq komandaya oyun zamanı video çəkiliş apara bilməsi üçün lazımi şərait yaratmalıdır.
8.9 Ev sahibi komanda hakimlər və rəqib komandanı paltardəyişmə otağı ilə təmin etməlidir.
8.10 Təcili Tibbi Yardım və ya həkim briqadası oyundan əvvəl meydançanın ərazisində olmalıdır (Təcili Tibbi Yardım və ya həkim briqadası olmadan baş hakim oyunu başlada bilməz).
 
Oyun forması ilə bağlı qaydalar
8.11 AFFA Yüksək Qızlar Liqasında komandaların formalarının üzərində həmin Liqanın şevronu əks oluna bilər.
8.12   AFFA Yüksək Qızlar Liqasında iştirak edən komandalara illik iştirak xərclərini qarşılamaq məqsədilə Futbolun İnkişafı üzrə Dövlət Proqramı çərçivəsində AFFA tərəfindən qrant müqaviləsi əsasında maliyyə vəsaiti ayrılır. Premyer Liqada iştirak edən klubların qadın komandaları isə bu vəsaiti Dövlət Proqramı çərçivəsində alırlar. Bu xərclərin aylıq rəsmi hesabatı AFFA-nın Maliyyə departamentinin təyin etdiyi tarixədək klub tərəfindən verilməlidir. Hesabatı vaxtında və ya düzgün şəkildə (tələblərə uyğun) təqdim etməyən klubun növbəti ay üzrə ödənişi olunmayacaq.
8.13 Oyundan 2 gün öncə saat 16:00-dək meydan sahibi komanda hansı rəng geyim formasında çıxış edəcəyini qonaq komandaya və qeyd olunan [email protected][email protected] ünvanlarına elektron məktubla (email) bildirməlidir. Forma seçimində üstünlük ev sahibi komandaya verilir.
8.14 Qarşılaşan komandaların forma rəngləri eyni olduqda protokolda nominal qonaq qismində qeyd olunmuş komanda AFFA tərəfindən təqdim olunmuş oyun gödəkçələrini geyinir.
8.15 Oyunçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında qoruyucular (şitki) olmalıdır.
8.16 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən Liqaların təşkili şöbəsinə məlumat verməlidir.
 
9. Yarışın keçirilmə sistemi
 
 Yarışın təqvimi Liqaların təşkili şöbəsi tərəfindən tərtib olunur.
9.3 Tur mərhələsində qaliblərin müəyyən olunması aşağıdakı kimidir: 
  1. Komandaların turnir cədvəlində tutduğu yerlər toplanmış xallara görə müəyyən olunur.
  2. Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə görə isə xal verilmir.
  3. Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı göstəricilərə görə müəyyən olunur:
- Komandaların öz aralarında keçirdikləri oyunların nəticələri (toplanan xallar);
- Ümumi qazanılan qələbələrin sayı;
- Bütün oyunlarda vurulan və buraxılan topların fərqi;
- Bütün oyunlarda vurulan qolların ümumi sayı;
- Komandaların öz aralarında keçirdikləri oyunlarda top fərqi (səfər qolu nəzərə alınmır);
- Ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı vərəqələr). Burada sarı vərəqə 1 xal, 2 sarı vərəqəyə görə qırmızı vərəqə 2 xal, birbaşa qırmızı vərəqə 3 xal olaraq qiymətləndirilir. Komandaların mövsüm ərzində həm futbolçularının, həm də rəsmi şəxslərinin aldıqları vərəqələr hesablanır. Yekun xalı daha aşağı olan komanda üstünlük qazanır.
 
9.4 Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyən olunur.
9.5 Hər bir klub və ya komandanın əlaqələndirici şəxsi ay ərzində hər hansı turun ilk oyununun başlanmasından ən azı 4 gün öncə oyunun keçirilmə yeri və saat dəyişikliyi ilə bağlı müraciət edə bilər. Müraciətlər yalnız yazılı şəkildə və səbəbi göstərilmək şərti ilə qəbul olunacaq.
Misal: Əgər turun ilk oyunu həftənin cümə gününə təyin olunubsa, klub və ya komanda həmin həftənin bazar ertəsindən gec olmayaraq müraciət etməlidir. (Və həftəiçi təyin olunubsa, bir həftə öncədən şöbəyə məlumat verməlidir).
 
10. Meydança
 
10.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydançalarda keçirilir. Yüksək Qızlar Liqasında iştirak edən klublar ev oyunlarını stadionla təmin etməlidir.
10.2  Meydanda standartlara uyğun iki qapı olmalıdır.
10.3 Pandemiya dövründə əgər zərurət yaranarsa, stadion və paltardəyişmə otaqları ev sahibi komandalar tərəfindən oyunun başlanmasına ən azı 2 saat qalmış dezinfeksiya edilməlidir.
 
11. Oyunun təşkili
 
11.1 Oyunun təşkili ev sahibi komanda tərəfindən həyata keçirilir.
11.2 Təqvimə uyğun olaraq adı birinci qeyd olunan komanda ev sahibi hesab edilir.
11.3 AFFA Yüksək Qızlar Liqasının oyunları həftənin cümə axşamı, cümə, şənbə və ya bazar günü keçirilir. İstisna hal olaraq Liqaların Təşkili şöbəsi tərəfindən həftənin digər günlərinə də oyun təyin oluna bilər.
11.4 Komandalar oyunun başlanmasından 60 dəqiqə öncə oyun keçirilən meydana gəlməlidirlər. Oyun başlayan vaxta komanda meydanda olmasa, klub İntizam Məcəlləsinə əsasən cəzalandırılır. Təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə İntizam Komitəsinin qərarına əsasən müvafiq cəza tətbiq olunur və oyunun protokolu bağlanılır. (Fors-major hallarına rast gəlinərsə, komanda bu haqda təcili Liqaların təşkili şöbəsinə məlumat verməli və Liqaların təşkili şöbəsi bu halları araşdırıb müvafiq qərar verməlidir)
11.5 Klubun üzrsüz səbəbdən oyuna gəlməməsi halında klub aldığı aylıq qrant vəsaitindən İntizam Komitəsinin qərarına əsasən cəzalandırılır. Bu hal üç dəfə təkrarlanarsa klub liqadan uzaqlaşdırılır.
11.6 Texniki zonada tütün məmulatları istifadə etmək, həmçinin elektron siqaret çəkmək qadağandır.
11.7 Komandalar oyunun başlanmasından 75 dəqiqə öncə protokola nömrələri göstərilməklə oyunçuların adlarını və soyadlarını yazmalı və oyunçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər. Oyundan əvvəl lisenziyalar hakimlərə təqdim edilmədiyi halda baş hakim oyunu başlamamalıdır.
11.8 Hər bir klub və ya komandanın əlaqələndirici şəxsi ay ərzində hər hansı turun ilk oyununun başlanmasından ən azı 4 gün öncə oyunun keçirilmə yeri və saat dəyişikliyi ilə bağlı müraciət edə bilər. Müraciətlər yalnız yazılı şəkildə və səbəbi göstərilmək şərti ilə qəbul olunacaq.
 
12. Oyun qaydaları
 
12.1 Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir:
  • Oyunlar iki hissədən ibarətdir. Hər hissə 45 (qırx beş) dəqiqədir.
  • Hissələrarası fasilə isə 15 (on beş) dəqiqədir.
13. Oyun zamanı oyunçuların əvəzlənməsi
 
13.1 Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Oyun ərzində hər komanda 5 əvəzetmədən istifadə edə bilər. Əvəzetmə üçün oyun 3 dəfə (stop) dayandırıla bilər (hissələrarası fasilədə edilən əvəzetmə bu stop sayına daxil deyil) və əvəzetmə zamanı ehtiyat hakim meydanı tərk edən və meydana daxil olan futbolçuların nömrələrini tabloda göstərməlidir.
13.2 Meydana daxil olmağa hazırlaşan oyunçu birinci yan xətt hakiminə lisenziya ilə yaxınlaşmalıdır.
13.3 Oyun ərzində ehtiyat oyunçular isinmə hərəkətləri etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 5 oyunçu eyni anda edə bilər.
Qeyd: Stadionun vəziyyətindən asılı olaraq oyunun baş hakimi eyni vaxtda isinmə hərəkətləri edəcək oyunçuların sayını müəyyən etmək hüququna malikdir.
13.4  Yalnız ehtiyat oyunçu kimi göstərilən 7 nəfər oyun zamanı meydana daxil ola bilər. Oyun zamanı əvəzlənmiş oyunçu meydana bir daha qayıda bilməz.
 
14. Oyunun protokolu
 
14.1 2025/2026-cı illər mövsümündə AFFA Yüksək Qızlar Liqasında “FCMS - Yarışların İdarəetmə Sistemi” tətbiq olunacaq.
14.2 Oyunun protokoluna 18 (on səkkiz) oyunçunun (11 əsas, 7 ehtiyat) adı və soyadı yazılır.
14.3 Oyunun başlamasına 75 dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə oyunçuların adları, soyadları yazmalı və müvafiq oyunun hakiminin elektron poçt adresinə göndərilməlidir. Protokolda hər hansı bir dəyişiklik olduğu halda, oyunun hakiminə oyun başlayana kimi çap olunmuş protokol oyunçuların elektron lisenziyaları ilə birlikdə təqdim edilməlidir. Komandalar oyunun başlanmasına ən azı 30 dəqiqə qalmış oyun keçirilən meydana gəlməlidirlər. Təqvimə uyğun olaraq adı birinci yerdə dayanan komanda ev sahibi hesab edilir.
14.4 Protokoldakı oyunçunun  adı, soyadı, təvəllüdü və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adları, soyadları və vəzifələri yazılmalıdır. Elektron protokolun çap olunmuş forması hər iki komandanın rəsmi şəxsləri tərəfindən imzalanmalıdır.
14.5 İlk 11-lik kimi protokolda göstərilən oyunçular oyuna başlayır. Oyunçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir. Yalnız rəsmi heyətdən 6 nəfərin və 7 oyunçunun ehtiyat skamyalarında oturmalarına icazə verilir.
14.6 Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyalarını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
  • Ad;
  • Soyad;
  • Ata adı;
  • Təvəllüdü;
  • Klubu;
  • Fotoşəkil;
  • İdman;
  • Rol;
  • Mövsüm;
  • AFFA ID (Lisenziyanın nömrəsi).
14.7 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olunmazsa, bu məsələyə AFFA-nın müvafiq mövsüm üçün təsdiq edilmiş İntizam Məcəlləsi və bu Əsasnaməyə müvafiq olaraq baxılacaq.
 
15. Oyun protokolunda oyunçuların adlarının yerdəyişməsi
 
15.1 Hər iki komanda tərəfindən oyun protokolu FCMS-də yerləşdirildikdən sonra oyunçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
  • Əgər ilk 11-likdə göstərilən hər hansı oyunçunun oyundan öncə fiziki durumu ilə bağlı problemi aşkarlanarsa, o zaman 7 ehtiyat oyunçudan biri ilk 11-liyə daxil oluna bilər. Bu halda oyun ərzində komandanın 7 əvəzetmə ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır.
  • Əgər oyun protokolunda göstərilən 7 ehtiyat oyunçudan hər hansı birinin fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda göstərilməyən, lakin elektron lisenziyası olan digər bir oyunçu ilə əvəzlənə bilər.
 
16. Oyunlarda iştirakdan imtina
 
16.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə, AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilə bilər. Bu hal 3 dəfə təkrarlanarsa, komanda İntizam Komitəsinin qərarına əsasən turnirdən kənarlaşdırılır.
16.2 Səbəbindən asılı olmayaraq (Misal: yaş limitinin pozulması; yetərsay olmadığı halda; oyuna gəlmədiyi halda və s.) çempionat ərzində 3 texniki məğlubiyyət alan komanda avtomatik turnirdən kənarlaşdırılır.
16.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm Qızlar Liqası üzrə yarışlara (liqaya) buraxılmaya bilər.
16.4 Əgər oyun başlandıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, Liqaların təşkili şöbəsi klublarla və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər. Oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcək.  
 
17. Oyunların təxirə salınması
 
Qonaq komanda və hakimlər səfərə çıxmazdan öncə oyunun təxirə salınması
17.1 Əgər ev sahibi komanda meydançanın oyuna yararsız vəziyyətdə olduğunu müəyyən edərsə, hakimlər və qonaq komanda səfərə çıxmadan öncə dərhal Liqaların təşkili şöbəsini  məlumatlandırmalıdır.
Bu halda:
  • AFFA meydançanın vəziyyətini yoxlamaq üçün öz nümayəndəsini göndərə bilər;
  • AFFA meydançanın vəziyyətini əks etdirən fotoşəkillərin elektron poçt (e-mail) vasitəsilə təqdim olunmasını tələb edə bilər.
Qonaq komanda və hakimlər səfərə çıxdıqdan sonra oyunun təxirə salınması
17.2 Bu halda oyunun təxirə salınıb-salınmayacağı ilə bağlı hakimlər qərar verəcək.
17.3 Əgər baş hakim oyunun keçirilməsi üçün meydançanın yararsız olması ilə bağlı qərar çıxararsa, bu halda 24 saat ərzində Liqaların təşkili şöbəsi komandalarla razılaşdırdıqdan sonra oyunun yeni keçirilmə tarixini, saatını və yerini təyin edir. Bu qərar son olaraq dəyişilməz qalır.
17.4 Əgər oyun başlandıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, Liqaların təşkili şöbəsi klublarla və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər və oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcək.
17.5  Aşağıda göstərilən hallarda klub və ya komanda oyunun təxirə salınması ilə bağlı müraciət edə bilər:
  • Meydança yararsız vəziyyətdə olduğu halda;
  • Həmin liqada sifariş olunmuş oyunçulardan ən azı 4 oyunçu yığma komandalara ezam olunduğu halda.
  • Klubların rəsmi oyunları arasında ən azı 48 saat müddət olmalıdır. Bu müddət əvvəlki oyunun başa çatmasından növbəti oyunun başlanmasına qədər hesablanır.
 
18. Hakimlik və İnspeksiya
 
18.1 AFFA Yüksək Qızlar Liqasının oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edir və hakimlik FİFA oyun qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi Yüksək Liqanın oyunlarına 3 nəfərdən ibarət hakimlər briqadası təyin edir (1 baş hakim, 2 yan xətt hakimi)
18.2 Hakimlər briqadası oyunun başlanmasından 60 dəqiqə öncə gəlib, meydançanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdırlar.
18.3 Hakim oyunun keçirilməsinə cavabdeh olan şəxslərdən tələb etməlidir ki, onlar meydança ilə bağlı olan nöqsanları oyunun başlanmasına kimi həll etsin.
18.4 Protokollar oyundan sonra tərtib edilməli və növbəti gün saat 12:00-a qədər FCMS-da yerləşdirilməlidir.
18.5 Baş hakim oyunun protokoluna adı daxil edilmiş oyunçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş oyunçuların və iştirakçıların çap olunmuş elektron lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
18.6 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
 
19. AFFA intizam qərarları
 
19.1 Bütün qırmızı vərəqələrə İntizam Komitəsi tərəfindən baxılır. Oyunçular İntizam Komitəsinin qərarları əsasında cəzalandırılır. Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir. İntizam Komitəsinin qərarları affa.az saytında dərc edilir və cəzalı oyunçuların meydanda olub-olmamasına görə məsuliyyəti komanda daşıyır.
19.2. İntizam Komitəsi tərəfindən sanksiyalar AFFA-nın müvafiq mövsüm üçün təsdiq edilmiş İntizam Məcəlləsində və ya bu Əsasnamədə göstərildiyi təqdirdə tətbiq olunur.
 
Sarı və qırmızı vərəqələr
19.3 Əvvəlki mövsüm ərzində qırmızı vərəqə almış oyunçu cəzasını tam çəkmədiyi halda, bu cəzanın qalan hissəsi cari mövsümə tətbiq olunmur (Bu bənd qırmızı vərəqəyə görə 3 və daha artıq oyundan uzaqlaşdırmaya sanksiya nəzərdə tutulduğu hallara şamil olunmur).
19.4 Sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə, məsuliyyəti komanda daşıyır.)
19.5 Oyunçu qırmızı vərəqə alıbsa və oyunçu haqqında İntizam Komitəsində qərar çıxarılmayıbsa, həmin oyunçu növbəti oyunu buraxır.
19.6 Qırmızı vərəqə alan oyunçu İntizam Komitəsinin çıxaracağı qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti oyunu (oyunları) buraxacaq.
19.7 Sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.
19.8 Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq dörd sarı vərəqə alan oyunçu növbəti turu buraxmalıdır.
19.9 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan futbolçuları cəzalarını həmin oyuna münasibətdə ödəmiş hesab olunur.
19.10 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət alan komandanın həmin oyunu buraxmalı olan futbolçularının cəzaları qüvvədə qalır.
19.11 Oyunçunun müəyyən liqada aldığı cəza digər liqaya şamil olunmur və yalnız həmin mövsümü əhatə edir (19.3-cü bənd nəzərə alınmaqla).
 
20. Protestlər
 
20.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi, yan xətt hakimləri və ya inspektor AFFA-nın Liqaların təşkili şöbəsinə öz izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 48 saat ərzində AFFA-nın Liqaların təşkili şöbəsinə çatdırılmalıdır.
20.2 Protestlərə aşağıdakı hallarda baxılmır:
  • 11 metrlik cərimə zərbələrinin təyin olunması;
  • 11 metrlik cərimə zərbələrinin təyin olunmaması;
  • Oyundankənar (off-side) vəziyyətin müəyyən edilməsi barədə;
  • Topun qapı xəttinin keçib-keçməməsi barədə;
20.3 İntizam Komitəsinin qərarlarından şikayət vermə qaydası Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinə uyğun olaraq müəyyən olunur.
 
21. Mükafatlandırma
 
21.1 Liqada ilk 3 yeri tutan komandaların oyunçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunur.
21.2  Mövsümün sonunda liqanın (bombardiri) ən məhsuldar oyunçusu, ən yaxşı oyunçu seçilir və mükafatlandırılır.
 
22. Mətbuat
 
22.1 Oyunun işıqlandırılması üçün (TV-lər, həmçinin qəzet və saytlar tərəfindən baş məşqçi, futbolçular, klub rəsmilərindən müsahibələrin hazırlanması üçün video və foto çəkilişlərin aparılması) ezam olunmuş mətbuat nümayəndələrinə ev sahibi komanda tərəfindən müvafiq şərait yaradılmalıdır.
22.2  Oyundan sonra müraciət olunduqda hər hansı oyunçu, məşqçi və klub rəsmisindən mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
 
23. Reklam lövhələri və aksiyaları
 
23.1  Meydançada tələb olunarsa reklam lövhələri yerləşdirilməlidir.
 
24. Stadion və iştirakçı komandaların təminatı
 
24. 2025-2026-cı il mövsümündə Yüksək Liqada iştirak edən komandalara AFFA tərəfindən stadion, top, forma və digər idman ləvazimatları təmin edilmir.
 
25. Cərimələrin tətbiqi
 
25.1 Aşağıdakı hallar baş verdiyi təqdirdə İntizam Komitəsinin müvafiq qərarına əsasən cəza və cərimələr tətbiq oluna bilər. Cərimələr qrant müqaviləsinin 3.4 bəndinə əsasən (“Donor” tərəfindən “Resipiyent”-in AFFA olan borclarını, habelə FİFA, UEFA və AFFA-nın hüquqtətbiqedici orqanlarının qərarları əsasında yaranan maliyyə öhdəlikləri müvafiq olaraq  “Sub-qrant” məbləğindən birdəfəlik və (ya) aylıq əvvəlcədən yalnız xəbərdarlıq edilməklə tutula bilər. Aylıq tutulmalar müvafiq ay üzrə “Resipiyent”-ə ödəniləcək məbləğin 10%(on) ilə məhdudlaşır.) köçürülən aylıq vəsaitdən tutulacaq:
  1. Səbəbindən asılı olmayaraq (yaş limitinin pozulması; yetərsay olmadığı halda; oyuna gəlmədiyi halda və s.) texniki məğlubiyyət alan komanda cəzalandırılır;
  2. Oyuna gecikmə halı baş verərsə, (təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə və ya ev sahibi komanda oyunun vaxtında başlamasına şərait yarada bilməzsə: təcili tibbi yardımla təmin etməməsi səbəbilə və s.) komanda cəzalandırılır;  
  3. Oyunçunun oyun forması qaydalara uyğun olmadığı təqdirdə (məsələn, formanının kürəyində nömrənin olmaması, futbol corablarının olmaması və s. hallar) klub cəzalandırılacaq. Bu hal üçüncü dəfə təkrarlandıqda isə qaydaları pozan komanda çempionatdan kənarlaşdırılacaq.
  4. İntizam Komitəsi tərəfindən haqqında çempionatdan kənarlaşdırma qərarı verilən klubların aylıq qrant ödənişləri həmin tarixdən dayandırılır.
  5.  
26. Yekun müddəalar
 
26.1. Bu Əsasnamə FIFA, UEFA və AFFA-nın nizamnamələrinə və digər sənədlərinə uyğun şəkildə hazırlanmışdır.
26.2. Bu Əsasnamə imzalandığı tarixdən qüvvəyə minir və 2025/2026-cı il mövsümü üzrə qüvvədə olacaq.
26.3. Əsasnaməyə dəyişikliklər və əlavələr yalnız AFFA-nın Baş katibi tərəfindən edilə bilər.
26.4. Bu Əsasnamə ilə FİFA, UEFA-nın müvafiq qaydaları, tövsiyyələri və bununla bağlı digər sənədlər arasında əhəmiyyətli ziddiyət olduqda FİFA və UEFA tərəfindən qəbul edilmiş sənədlər üstün qüvvəyə malikdir.
Baş Sponsor