DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Fransa oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov və komandamızın müdafiəçisi Elvin Bədəlovun səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
Ayxan Abbasov: “Sabah seçmə mərhələdə son oyunumuza çıxacağıq. Ağır qrupda yer almışıq. Fransa yığması da qrupun ən güclüsüdür. Bu komandaya qarşı səfərdə futbolçularımız yaxşı mübarizə aparmışdılar. Sabahkı matçda rəqibin heyətində əsasən gənclər meydana çıxa bilər. Bu, bizə daha çox çətinlik yaradacaq. Çünki özlərini göstərməyə çalışacaqlar. Bizim isə heyətimizdə itkilər var. Buna baxmayaraq, azarkeş dəstəyi altında sabah yaxşı mübarizə aparacağımıza inanıram. Belə komandalarla oyunlar gələcəyimiz baxımından vacib ola bilər. Biz bütün rəqiblərə qarşı hazırlaşanda xal qazanmaq istəyirik. Futbolda hər şey mümkündür. Azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Elvin Bədəlov: “Son ev oyunumuza çıxacağıq. Rəqib güclü olsa da, matça hazırıq. İnanırıq ki, azarkeşlərimizin dəstəyi ilə yaxşı oyun göstərəcək və uğurlu nəticə qazanacağıq. Fransa yığmasında ulduz futbolçular çoxdur. Amma biz də komanda şəklində hazırlaşacağıq”.