az en

Firudin Qurbanov

Qurbanov Firudin İsa oğlu 29 avqust 1952-ci ildə Azərbaycan SSRİ Ağsu rayonunda anadan olub. Bakı şəhərində orta məktəbi bitirəndən sonra 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun “İqtisadiyyat və planlaşdırma” fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1974-1975-ci illərdə orduda xidmət edib. 1975-1982-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnsitututunda iqtisadçı, kiçik və baş elmi işçi vəzifələrində işləyib. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında assistent, baş müəllim, dosent və dekan vəzifələrində işləyib. 1989-1994-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında inspektor, aparıcı inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində işləyib. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Elm və Tədris müəssisələri şöbəsinin müdiri, 2001-ci ildən Gənclər, İdman və Turizm Nazirliyi Elm və Təhsil İdarəsinin müdiri, 2006-cı ildən Gənclər və İdman Nazirliyinin Elm və Təhsil şəbəsinin müdiri vəzifəsində işləyib. 2007-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib. Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2014-cü il tarixli müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının təhsil nazirinin müavindir.
1995-2002-ci illərdə Gənclər və İdman Nazirliyinin Elmi-Metodiki Şurasının sədr müavini, 2001-2005-ci illərdə Elmi-Metodiki Şurasının sədri olub.
 1998-ci ildə Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının nəzdində işçi qrupunun üzvü, 2002-2005-ci illərdə Turizmin İnkişafı Dövlət Proqramının, 2003-2005-ci illərdə Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Dövlət Proqramlarının hazırlanmasında gənclər, idman, turizm və mədəniyyət sektorları üzrə işçi qruplarının sədri, BMT-nin İnkişaf Proqramı “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə İnstitusional yardım” (2004-2005-ci illər) layihəsinin milli direktoru olub. İngiltərə, Danimarka, ABŞ, İsveçrə, Fransa, Nepal, Uruqvay, Niderland, Almaniya, Türkiyə, İspaniya, Avstriya, Çin və s. xarici ölkələrdə beynəlxalq elmi konfrans, simpozium və seminarların iştirakçısı olmuş və aktual mövzularla çıxış etmişdir. İqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru, dosentdir. Bir monoqrafiya və 60-dan çox elmi əsərin müəllifidir.
2006-2007-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, 2007-2014-cü illərdə  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyalarının üzvü, 2001-2008-ci illərdə Milli Olimpiya Komitəsinin üzvü olub. 2003-cü ildə AFFA-nın elmi metodiki komissiyanın sədri, “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın hazırlanmasında İşçi Qrupun rəhbəri olub.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupun üzvü olub.
2011-ci ildə “dövlət qulluğunun baş müşaviri” ixtisas dərəcəsi verilib. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2011-ci il tarixli müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilmişdir.
Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının idarə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.
 
 
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları